Yaponiya mənşəli məşhur animasiya studiyası “Studio Ghibli” ovsunlu və emosional əsərləri ilə kino dünyasında silinməz iz qoyub. Hazırda studiyanın adı misilsiz hekayələr, nəfəskəsici animasiya və fantaziya ilə reallığın unikal qarışığı ilə eyniləşib. “Ghibli” studiyanın filmləri sərhədləri aşır, universal mövzuları, zəngin personajları və heyrətamiz vizual estetikası ilə qlobal tamaşaçıları valeh etməyə davam edir. 


Hayao Miyazaki, Toşio Suzuki və İsao Takahata
Foto mənbə: Nicolas Guérin

Studiyanın əsası 1985-ci ildə Hayao Miyazaki, Toşio Suzuki, İsao Takahata və Yasuyoşi Tokuma tərəfindən qoyulmuşdur. Onlar hələ illər öncədən birlikdə çalışmağa başlamış, yoldaşlıqları daha sonra studiyanın ərsəyə gəlməsinə səbəb olmuşdur. Studiyanın yaradıcıları, “Ghibli”-dən öncə bir neçə animasiya serialı və filmlərinin heyətində çalışmış, öz fərqli stillərini formalaşdırmışdır. Hər biri studiyanın filmlərinin yaradılmasında yaxından iştirak etmiş, Ghiblinin uzunmüddətli mirasında böyük rol oynamışdır. Toşio Suzuki “Pişik qayıdır”-dan (2002) “Oğlan və Vağ”-a (2023) qədər onlarla filmdə prodüserlik etmiş, “Marni orda olanda” (2014) filmində isə icraçı prodüser olaraq fəaliyyət göstərmişdir. Təəssüf ki, İsao Takahata 2018-ci ildə dünyadan köçmüşdür. O, son filmi “Şahzadə Kaquyanın nağılı” (2013) filminin həm baş rejissoru, həm də ssenari müəliflərindən idi. 

Şahzadə Kaquyanın nağılı (2013)
Oğlan və Vağ (2023)
Pişik qayıdır (2002)


Miyazakinin müsahibələrdən birində əksini iddia etməsinə baxmayaraq studiyanın adının “şiddətli isti külək” mənalı “ghibli” sözündən və Caproni Ca.309 təyyarəsinin ləqəbindən götürüldüyü güman edilir. Miyazakinin ailəsinin İkinci Dünya Müharibəsi zamanı Yaponiyada təyyarə hissələri istehsal edən şirkətə rəhbərlik etdiyini nəzərə alsaq, studiya adının mənası heç də əsassız görünmür. Studiyanın nəinki “anime” sənayesində, hətta qlobal animasiya mənzərəsindəki hazırkı mövqeyi də, “janrın gələcəyini dəyişdirən isti, güclü bir külək” bənzətməsini təsdiqləyir. Onun adının doğru tələffüzündə fərqli rəylər mövcuddur, yapon dilində [cibli], müharibə zamanı istifadə edilən təyyarənin ləqəbi olaraq isə [gibli] kimi deyildiyini vurğulamaq lazımdır. Bəziləri sırf studiyadan bəhs edildiyini bildirmək üçün yapon dilindəki tələffüzündən istifadəni daha məqsədəuyğun qəbul edir.  

Caproni Ca.309 ”Ghibli” təyyarəsi  -  Foto mənbə: wikimedia
 

“Ghibli”-nin “Səmadakı qəsr: Laputa”-dan, ötən ilki “Necə yaşayırsan? (Oğlan və Vağ)” filminə qədər uzanan filmoqrafiyası hər biri özünəməxsus hekayə və vizual təcrübə təklif edən animasiya incilərindəndir. Bir neçə filmləri istisna olmaqla, əsasən akvarel və akril boyalar vasitəsilə çəkilmiş spesifik vizual tərzi ilə fərqlənən studiya, 2002-ci ildə Akademiya mükafatına layiq görülmüşdür. “Ruhlarla Sovrulanlar” (2001) filmi Oskar mükafatına layiq görülmüş ilk qeyri-ingilis dilli animasiya filmi olaraq tarixə adını yazmışdır.


“Ruhlarla Sovrulanlar” filmi rejissor Hayao Miyazakinin dostlarından birinin qızından ilhamlanaraq yaradılmış əsas qəhraman Çihironun qədim Yapon folklor nümunələrində bəhs edilmiş Kami adlı ruhlar aləminə səyahətindən bəhs edir. Film böyüyərkən insanların üzləşdiyi qorxu, narahatlıq və qayğıları mistik fonda təqdim edərək tamaşaçıları və tənqidçiləri valeh etmiş, şəxsin özü ilə üzləşməsi və kamilləşməsini ustalıqla əks etdirmişdir.


Ruhlarla Sovrulanlar (2001)
Aya və Cadugər (2020)


Ghibli Studiyasının ilk uğurlarından biri olan “Qonşum Totoro” (1988) filmi müasir mədəniyyət fenomenlərindən birinə çevrilmiş, studiyanın loqosu və maskotuna ilham vermişdir. Totoro obrazı studiyanın promo materillarında və filmlərinin başlanğıcında öz yerini tapmış və hər kəs tərəfindən tanınan bir fiqura çevrilmişdir.

Hekayə lövhəsi (storyboard) Foto mənbə: shazoo.ru

Filmlərə olan marağın ildən-ilə artması nəticəsində 2001-ci ildə “Ghibli” studiyası muzeyi açıldı. Muzey Hayao Miyazaki tərəfindən onun filmlərdə istifadə etdiyi təsvirlərdən ilhamlanaraq dizayn edilmişdir. Elə buna görə də, muzey həm interyer, həm də eksteryeri ilə studiyanın sirli və möcüzəvi dünyasını reallığa çevirməyi bacarmışdır. Muzey Yaponiya, Mitakada yerləşir. Burada ziyarətçilər ən məşhur obrazların heykəllərini görə, kafe, bağ və kitab mağazası kimi yerlərdə xoş vaxt keçirə bilərlər. İçəridə foto və video çəkiliş qadağan edilib ki, qonaqlar ətraf mühiti və oranın abu-havasını özləri bir-başa yaşayıb hiss edə bilsinlər. Studiyanın öz nümayişləri ilə yanaşı, muzeydə vaxtaşırı xüsusi sərgilər də öz yerini tapmışdır. Bunlara, 2000-ci ilin əvvəllərində baş tutmuş “Pixar” və “Aardman” studiyaları sərgilərini nümunə gətirmək olar.



Bəzən tamaşaçıları fantastik, göz oxşayan dünyalara daşıyan, yaxud müharibənin təsirlərini, bəzən də insan münasibətlərinin mürəkkəbliyini araşdıran Ghibli filmoqrafiyası insanları incəsənətin davamlı və hamımızı birləşdirən gücünə inandırmışdır.



Teqlər