Sənət yolunuzu bizimlə paylaşın.

Dizayn(rəsm) və ya mövcud peşənizə necə gəlmisiniz? Bu sahəyə gəlmək üçün ilham mənbəyiniz nə olub?
İncəsənət və yaradıcılıq məni hər zaman izləyib. Lap uşaq yaşlarımdan. Kiçik olarkən 4-5 yaşlı Şəmsin özündən də böyük olan rəqs topu ilə “Cücələrim” ansamblında rəqs dərslərinə getməyi yadımdadır. 11-12 yaşlarımadək professional rəqqaslıqla məşğul idim. Hətta şərq və qərb milli rəqsləri üzrə keçmiş “ANS” kanalının uşaqlar üçün nəzərdə tutulan səhər buraxılışında aparıcılıq da edirdim. Daha sonra isə rəssamlığa yönəldim. Bu addımda valdeynlərimin rolu da böyükdür. Rəsmə olan marağımı daha çox inkişaf etdirməyim üçün məni rəsm qaleriyasındakı təlimlərə yönəltdilər. Uzun illər rəssamlıqla məşğul oldum. Onun müxtəlif texnikalarını mənimsədim. Sərgilərə qoşuldum. Bu hekayənin sonunda mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbə oldum. Təhsil ilimin ikinci ilində isə artıq axtarışda idim. 2017-ci ildə dijital mühit dayanmadan inkişaf edirdi, həmin dövrə onun səs-sədasının yüksəldiyi vaxtlar deyərdim. Artıq qulaqlar daha çox “dizayn”, “web dizayn”, “marketinq”, “proqramlaşdırma” terminlərini eşidirdi. Həm öz sahəmdən uzaqlaşmamaq, həm də gələcəkdə axtarılan əməkdaş olmaq məqsədilə qrafik və veb dizayn aləmi ilə tanış oldum. Bu sahə üzrə 8 aylıq tədrisə başladım. Sanki dünyaya açılan yeni bir qapı idi.

 

İşə başlamaq üçün sizə stimul verən amil nədir?

İşə başlamağa məni ilhamladıran ilk nüans o işdən necə bir portfolio və təcrübə qazanacağımdır. Məhz ona görədirki, iş təcrüblərimin müddəti çox uzun deyil. Ən uzun müddətlisi 1 ildir. Bir şirkətdə 2-3 ay və ya daha çox müddət çalışıb yalnız sosial media posterləri üzrə monoton portfolio yığmaqdansa, “project based” lahiyələrdə çalışıb daha rəngarəng və müxtəlif portfolioya sahib olmağın tərəfdarıyam. Məsələn, yerli və ya xarici layihələrdə dizayner kimi fəaliyyət göstərərək bir neçə ayda əldə etdiyiniz təcrübə və portfolio,  üstəlik qazandığınız netvörkinq uzun illərin təcrübəsinə bərabər ola bilər. Bu fikirləri öz təcrübələrimə əsaslanaraq bölüşürəm. Məhz bunun nəticəsidir ki, sahip olduğum portfolio dizayn sahəsinin müxtəlif qolları üzrə geniş çeşidlidir.

 

Bir gününüzü necə təsvir edərdiniz? 

Əlbəttə. İnanclı biri olaraq günümü səhər ibadətləri il açıb Tanrının bizə bəxş etdiyi yeni bir günü uğurla başlayıb, produktiv davam etdirib, xeyir ilə bitirməsini diləyirəm. Artıq rutinimizə çevrilən Bakı tıxacından sonra isə işə başlayırıq. Hər kəsin bildiyi günlük tasklar, iş üzrə fikir mübadilələri və dolu-dolu “meeting”lərdən sonra yenidən Bakı tıxacıyla evimizə qayıdırıq. Bundan sonrasını isə şəxsi yaradıcılıq saatları adlandıra bilərəm. Bəzən bu zamanı illustrasiyalar çəkərək, bəzən hekayə yazaraq, bəzən maraqlandığım mövzularda axtarışlar edib özümü inkişaf etdirərək, bəzən isə sadəcə sosial media platformlarında hədər edərək keçirirəm :)

 

İşlədiyiniz mühit, iş masası bizə çox maraqlıdır. Həmin mühitin və ya iş
masasının fotosunu bizimlə paylaşa bilərsiniz?
 
 
 
Bacarığınızı gəlirə çevirə bilirsinizmi?
Dizayner olaraq bəli, lakin dijital rəssam olaraq təəssüf ki, xeyr. Kommersiya məqsədli bir neçə dəfə bunu etməyə çalışsam da, bu cəhd uğurla nəticələnmədi. Fərqinə vardım ki, ödəniş əsasında işlər görərkən insanların təxəyyüllündəki görüntünü alındırmaqda çətinlik çəkirəm.
Dürüst olsam, buna özümü məcbur etməyə də çalışmadım. Həmin müştərilər mənim dijital əsərlərimi bəyəndiklərindən əməkdaşlıq təklifi  etmişdilər. Bu təcrübəmdən çıxardığım nəticə isə budur ki, bir rəssam olaraq sən özünü və stilini cəmiyyətə təsdiqləməlisən ki, sənə gələn müştəri “mənim istədiyim vizual belədir” yox, “biz öz brendimizi sizin stilinizdə görmək istəyirik” desin.

 

"Bu işi necə həll edim?",  "Bu sifarişi necə tamamlayacağam, görəsən?" dediyiniz bir iş olubmu? Bizimlə paylaşsanız, şad olarıq.
Ahaaa, bu sual bir çox dizayner və rəqəmsal rəssamı kədərləndirə bilər. Əminəm ki, hər bir yaradıcı şəxsin tamamlamadığı, hər dəfə görəndə “mən bunu mütləq bitirməliyəm” deyərək vicdanının sızladığı bir layihəsi vardır. Bu sualınızı oxuduqda ilk ağlıma gələn tamamlanmamış lakin tamamlamaq isdədiyim o proyekt budur. Hələ adını belə qoymadığım, dünya sivilizasiyadan kənarda qalmış, lakin dünyaya məxsus olmayan texnologiyalara sahib, hər kəsin eyni sinif təbəqəsində yaşadığı bir ölkənin “guardian”ı olan hicablı superqəhrəman. Əsərin hekayəsi isə belədir:  qəhrəmanımızın dəyərli dostu olan atı qeyri-adi xüsusiyyətlərə malikdir, bu səbəbdən o dünya sakinləri tərəfindən qaçırılır. Hicablı qəhrəmanımız öz dostunu tapmaq məqsədilə yola düşür. Qəhrəmanımız dünyada təbəqələşmə, haqsızlıq və vəhşət travması ilə üzləşir, o öz ölkəsini bu tendensiyalardan qorumaq üçün bir çox fədakarlıqlar edir və sonda atına qovuşur.  
Personajın özü də, hekayəsi də artıq aylardırki, ilkin versiyasında qalır. Bu il sonunadək ideyamı kitab halına gətirə biləcəyəmə ümid edirəm. 
 
Yuxarıda təsvir etdiyiniz işi bizimlə bölüşün.

 

Sənətinizlə məşğul olarkən heç zaman unutmadığınız,
sizdə dərin iz buraxan bir an olubmu? 

Xeyr, xatırlamıram. Bu sual üzrə xüsusi bir hekayəm yoxdur.

 
Hazırladığınız işlər arasında sizin üçün ən doğması hansıdır və niyə? Bəs bu günədək yaratdığınız hansı əsərlə daha çox fəxr edirsiniz?  

Müəllifi olduğum bir neçə lahiyələr varki, onlar mənim favori siyahımdadırlar. Amma bu yazıda onlardan birini vurğulayacağam. 45-dən çox ölkədə şöbəsi olan qlobal xeyriyyə qurumu "Islamic relief"in İrlandiya şöbəsi ilə əməkdaşlığımız baş tutdu. Qurum seçilmiş ölkələrdə t-shirt və “tote” çantalarının satışına fokuslanmışdı və bunun üçün dizayn və illustrasiya vizulları yaratmaq məqsədilə yaradıcı şəxslərlə bir lahiyə həyata keçirdi. Bu məhsul dizaynının İrlandiya və İngiltərə bazarı üzrə müəllifi mən idim. Dizayn etdiyim məhsulları gənclərin daşıdığını və yaxud geyindiyini görmək əvəzolunmaz hiss idi. Digər möhtəşəm məqam isə, bu dizayn lahiyəsi üzrə satışdan əldə olunan gəlirin böyük hissəsi başda Sudan olmaqla, ehtiyac sahiblərinə və xeyriyyə kampaniyalarına sərf olunurdu.. Təsəvvür edin, sadəcə bir dizayn qabiliyyətinizlə dünyanın müxtəlif hissələrində yaşayan cəmiyyətlərə kömək edə bilərsiniz. Bu çox möhtəşəm hisdir, elə deyilmi?

 

 

 

 

 

 

Bu sənəti davam etdirməyin çox çətin olduğunu hiss etdiyiniz,
hətta vaz keçməyi düşündüyünüz anlar olubmu?  

Əgər özünüzə güvənirsinizsə, xeyr. Bir işin ustasısınızsa, sizə hər zaman tələb var.

Sənətimin həyatıma, insanlara təsiri daha fərqli ola bilərdi əgər…

Əgər o iş insanları maarifləndirirsə. Məhz buna görədirki, yaxın müddətdə vizual hekəyə danışıcısı (visual storyteller) üzrə proyektimi yayımlayacağam. Sahip olduğum rəssamlıq qabiliyyətindən istifadə edərək seçilmiş mövzular üzrə insanlarla danışacağam, burada isə əsas vasitəm yenə də yaratdığım vizuallar olacaq. Bu onları maarifləndirə də bilər, mövzu üzrə düşündürə də.

 

Sənətinizi bundan sonra üç alətlə davam etdirməli olsaydınız,
bunlar hansı alətlər olardı?

Təbiiki də laptop, ipad və telefon :)

 

Sənətinizdə özünüzü görmək istədiyiniz yerdəsinizmi?
İndiki Şəms 3-4 il bundan əvvəlki Şəmsin görmək istədiyi yerdədir, bəli. Lakin bundan sonraki illərdə Şəmsin hələ də  gerçəkləşdirmək istədiyi bir neçə arzuları və çatmaq istədiyi zirvələr var.

Sizi ilhamlandıran incəsənət adamı/xadimi kimdir?
(Həm dünyada, həm Azərbaycanda)

Bu sualınıza xüsusi adlarlara cavab verə bilmərəm, çünki mənim üçün instagramdan izlədiyim tanımadığım insanlardan, öz sənətkar və yaxud dizayner dostlarımadək hər kəs bir ilham qaynağıdır.

 

Adətən yaradıcı şəxslər iş prosesində müxtəlif musiqilər dinləyirlər. Yaradıcılıq zamanı ən çox dinlədiyiniz musiqi janrı hansıdır?  

Bu suala dürüst cavab verəcəyəm, son bir ildən çox müddətdir ki, musiqi dinləmək saatlarımı endirmişəm. Özümə, daxili səsimə qulaq asmağa üstünlük verirəm. Yaxud içərisində olduğum ətraf mühitin yaratdığı səslərə.


ARTIQ oxucularına azı 10 musiqidən ibarət pleylist paylaşmağınızı xahiş edirik.

Bu dönəmdə Spotify işlətməyən nadir gənclərdən biri ola bilərəm :) Musiqi zövqüm isə çox fərqlidir. Dinlədiyim musiqilərin bir çoxu ya underrated, ya çox retro, ya da şərq mədəniyyətindən folklardır. Spotify pleylist əvəzləməsi olaraq, son zamanlar çox dinlədiyim və sevdiyim möhtəşəm səsə sahib olan Livanlı sənətkar Fairuz-un bir parçasını paylaşacağam:
https://youtu.be/wekA4jDS0xA?si=F-6cO7un0j5IKa69


Öz peşəsinə yeni başlayan məqsədyönlü sənətkar və dizaynerlərə məsləhətiniz nələrdir?
Bu sahədə həyatınıza yeni dostlar qatın, insanların hər birinin sizə gətirə biləcəyi enerji və ilham var. Kreativ tədbirlərdə, sərgilərdə iştirak edərək bu kimi görüşlərin bir parçası olun. Öz stilistikanızı, əsərinizi yaradın və kənar şəxslərin şəxsi yaradıcılığınıza bildirdiyi fikirlər sizi həvəsdən salmasın. Çünki bu işi yalnız ödəniş almaq məqsədilə etmirsiniz, bu, sizin daxili dünyanızın sənət vasitəsilə əksidir.

 

Teqlər