Memarlıq – bir insanın yaşamaq, işləmək və dincəlməyi üçün məkan mühitini yaratma sənətidir.
İlk “memar”lar ibtidai insanlar olmuşlar. Onlar özləri də fərqində olmadan pis hava şəraitindən, vəhşi heyvanlardan qorunmaq üçün “yaşayış məskəni” düzəltmişlər. Bunlar mağaralar, yarımağaralar, çuxurlar sonralar isə asan qurula bilən divarlardan daxmalar, talvarlar olmuşdur.

İbtidai insanlar özləri üçün yaşayış yeri ilə yanaşı, həm də nəhəng daşlardan ibarət tikililər tikirdi. Bu tikililər müxtəlif məqsədlər üçün qurulurdu.

Menhirlər ibtidai insanlardan bu günə qədər qalan ilk tikilidir. Onların ölçüləri müxtəlifdir, hündürlükləri 4-5 metr və daha çox olur (ən böyüyünün hündürlüyü 20 metr, çəkisi isə 300 tondur). Menhirlər həm tək-tək, həm də qrup halında quraşdırılırdı. Forması yuxarıya doğru daralır, ümumilikdə isə düzbucaqlıya yaxındır.

Ən sadə və qədim menhirlərin üzərində heç bir rəsm yoxdur, lakin zaman keçdikcə üzərlərində bəzi əşyaların təsvirlərinə, oyulmuş ornamentlərə, barelyeflərə rast gəlinmişdir. XIX əsrə qədər arxeoloqlar menhirləri dəqiqliklə tədqiq edə bilmirdilər. Sonralar radiokarbon analizi və dendroxronologiya üsullarının inkişafı onların yaşını və xüsusiyyətlərini daha dəqiq müəyyən etməyə imkan verdi. Böyük Britaniyadakı ən hündür menhir Radstondur. Onun hündürlüyü 7, 6 m, qalınlığı isə 1 m-ə çatır. XVIII əsrdə William Stukeley (Uilyam Stukli)nin rəhbərliyi ilə aparılan qazıntılar zamanı burda çox saylı insan kəllə sümüyü aşkar olunmuşdur. Ehtimal olunur ki, bu kəllələr dini ayinlər zamanı qurban edilmiş insanlara məxsusdur.
Menhirlər Neolit, Mis və Tunc dövrlərinin mədəniyyətlərinə aid edilir. Onların yaranma məqsədi dəqiq müəyyən edilməmişdir, lakin tədqiqatçılar onların görünüşünü dəfn mərasimləri ilə əlaqələndirirlər. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edir. Qədim insanların inancına görə həmin ölən insan bu daşın timsalında bu dünyada əbədi olaraq yaşayacaq.
Avropanın, Afrikanın və Asiyanın müxtəlif yerlərində geniş yayılmışdır, lakin ən çox Qərbi Avropada, xüsusilə Böyük Britaniya, İrlandiya və Fransanın Bretan əyalətində rast gəlinir.
Fransanın şimal-qərbində qədim tarixin müxtəlif dövrlərinə aid 1200 menhir tapılmışdır.
Artıq bəşəriyyətin inkişafının başlanğıcında insanlar hazırda bütün dünyaya məlum olan möhtəşəm tikililər tikməyə başladılar.
Kromlexlər meqalitik tikililərin ən mürəkkəb növüdür. Kromlex, bir və ya bir neçə dairə təşkil edən vertikal şəkildə yerləşdirilmiş daşların düzülüşüdür. Onlara əsasən Avropada - Qərbi Fransa və Böyük Britaniyada, həmçinin Asiya və Amerikada rast gəlinir. Böyük Britaniyadakı Stounhenc kromlexinin yaşı məşhur Misir piramidalarından yaşından bir qədər azdır. Stounhencdə daş dairələrin diametri 30 metrə çatır. Dairənin içərisində cüt-cüt yerləşdirilmiş hündür bloklar abidənin mərkəzini təşkil edir.

Hesablamalara görə, tikinti minlərlə insanın 300 illik fasiləsiz zəhməti hesabına ərsəyə gəlib. Təbii ki, sual yaranır Stounhenc nə üçün tikilib və nə üçün bu qədər zəhmət çəkilib. Bəzi arxeoloqlar qədim britaniyalıların Günəşə sitayiş etdiyini, bəziləri isə kompleksin yalnız astronomik hesablamalarda istifadə edilməsindən bəhs edir. Hələ I Kral Ceymsin dövründə başlayan uzunmüddətli tədqiqatlara XX əsrin 60-cı illərində astronom ***Gerald Hawkins (***Cerald Houkins) nöqtə qoydu. Onun araşdırmaları göstərdi ki, qədim britaniyalılar bu daş halqadan rəsədxana kimi istifadə edirmiş. Abidənin quruluşu astronomik müşahidələr və hesablamalar aparmağa əlverişli idi.
Abidəyə həsr olunmuş ilk kitab isə 1655-ci ildə ***John Webb (***Con Uebb) tərəfindən yazılmışdır. Stounhencdə istifadə edilən daşlar müxtəlif təbiətə malikdir. Onlardan dolerit, vulkanik lava, vulkanik tuf, qumdaşı və əhəngdaşını göstərmək olar. Ərazinin təhlili göstərdi ki, daşların bir hissəsi tikinti meydançasından 210 km aralıda yerləşən ərazidən gətirilib. Ən ağır daşlar isə buraya 30 km aralıdan, nisbətən yaxın yerdən gətirilib. Ən böyük daşların çəkisi 50 tona çatır.
Dolmenlər böyük daş bloklardan yığılmış tikililərdir. Breton dilindən “daş masa” deməkdir. Yaranması b. e. əvvəl III və II minilliyin sonlarına təsadüf edir. Ehtimal olunur ki, axirət ideyası və ruhun ölməzliyinə olan inam bu tip tikililərin yaranmasına səbəb olmuşdur. Hazırda Qafqazda 3 minə yaxın nümunəsi qalmışdır. Azərbaycan ərazisində - Lənkəran və Xocalıda aşkar olunmuşdur. Fransız alim Jack de Morgan (Jak de Morqan) Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenləri tədqiq etmiş və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir.
İrlandiyakı ***Poulnabrone (***Pulnabron) dolmeni Neolit dövrünə aid edilir. Abidə 4 ədəd dirək funksiyasını yerinə yetirən iri daşdan, 1 ədəd isə örtük daşdan ibarətdir. Giriş hissəsi şimala istiqamətlənmişdir. 1985-ci ildə daşda çat əmələ gəlmiş, ağırlığa tab gətirməyən abidə çökmüşdür. Bundan sonra abidə bərpaya bağlanmış və çatlamış daş əvəz olunmuşdur. Abidə bərpaya bağlanan müddətdə qazıntılar zamanı ordan 16-22 nəfərə yaxın yetişkin insanın, 6 nəfər isə uşağın sümükləri aşkar olunmuşdur. Dəfn zamanı qoyulmuş şəxsi əşyalar arasında cilalanmış daş balta, sümük kulon, kvars kristalları, silahlar və keramika məmulatları aşkar edilmişdir.
İbtidai insan tikinti materialı kimi daşla yanaşı, budaqlardan, ağac gövdələrindən, qumdan, gildən, əhəngdaşıdan, heyvan dərisindən, bəzi hallarda isə hətta buzdan da (iqlim şəraitindən asılı olaraq) istifadə edirdi. Cəmiyyətin inkişafı ilə (həyat tərzindən asılı olaraq) insanlar daha davamlı yaşayış yerləri, (məsələn, köçəri çobanlar üçün yurdlar, oturaq əhali üçün evlər ) yaratmağa başladılar. Yaşayış yerləri böyük qruplara qədər böyüyə bilərdi. Minilliklər ərzində tikililərin ölçüləri və təyinatı dəyişməyə başladı.
Memarlıq obyektlərinin yaradılması təkcə əldəki tikinti materiallarının mövcudluğu ilə deyil, həm də dinin böyük miqyaslı təsiri ilə əlaqələndirilir. Dəfn abidələrinin və məbədlərin yaradılmasına əsas səbəb də elə din amili idi.
Eramızdan əvvəl I minillikdə Mesopotamiya ərazisində şumerlər tərəfindən bir qədər Misir piramidalarına bənzəyən pilləli məbədlər – zikkuratlar tikildi. Onların adı akkad dilindən tərcümədə yüksəklik deməkdir. Piramidalardan fərqli olaraq, bu məbədlərin dəqiq xətli kənarları yox idi. Ən yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi. Məbədin pilləli olmasına səbəb şumerlərin Mesopatamiyaya köç etməmişdən əvvəl dağlıq zonada yaşaması və ibadətlərini də orda etməsi idi. Onların inancına görə, ibadətlər səmaya mümkün olduqca yaxın, hündür yerlərdə edilməli idi.
Ur şəhərindəki zikkurat eyniadlı tikilinin ən salamat qalanı və ən məşhurudur. O yalnız məbəd deyil, həm də ictimai mərkəz və saray idi. Bu əzəmətli bina onu quran millətin (cəmiyyətin) nə qədər yüksək inkişaf etdiyini anlamağa əsas verir. Əbəs yerə qədim yunanlar, romalılar Şumer mədəniyyətinə, onların astronomiya və memarlıq biliklərinə heyran olmamışlar. Ur şəhəri eramızdan əvvəl III minillikdə xüsusilə aktiv inkişaf etmişdir. Şəhərin ən güclü vaxtı eramızdan əvvəl 2112-ci ildən 2015-ci ilə qədər təxminən zikkuratın tikildiyi vaxta düşdüyü güman edilir. Abidənin quruluşu unikaldır. Belə ki, ora bir dənə də olsun düz xətt yoxdur. Bu, optik illüziya yaratmaq, abidəni daha da əzəmətli göstərmək üçün qəsdən edilib. O dövrdə memarlıq haqqında bu cür təsəvvürün olması həqiqətən inanılmaz idi. Bu şumerlərin nə qədər yüksək bacarıq və dərin biliklərinin olmasına dəlalət edir.
Bundan əlavə, Qədim Şumer memarları bütün divarları, pilləkənləri elə mailliklə qurmuşdular ki, şəhərin istənilən yerindən baxanda gözlər abidənin zirvəsinə-ibadətgah hissəsinə yönəlirdi. Əsas girişə 100 pillədən ibarət olan 3 ədəd uzun və enli pilləkən aparırdı. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdur.
Ur zikkuratının başqa bir özəlliyi də var. Bu da abidənin daxili hissəsini qurutmaq üçün qoyulan drenaj dəlikləri idi. Tədqiqatçılar uzun müddət onların nə üçün qoyulduğunu anlamağa çalışmışlar. Çünki tikintidə istifadə olunan material çiy kərpic idi və o tikinti zamanı qurumalı idi. Bunun üçün əlavə drenaj dəlikləri açmağa ehtiyac yox idi. Sonralar Şumer zikkuratlarından bəhs edən qədim əlyazmalardan məlum oldu ki, abidənin terras hissələrində bitkilər əkilmişdir. Həmin hissələr kərpiclə deyil, torpaqla örtülmüş və üzərində bağça salınmışdır. Ağaclar susuz böyüyə bilməzdi, buna görə də onları daim suvarmaq zərurəti yaranmışdı. Su isə aşağı hissələrə axdıqca tikilinin qurudulmaya ehtiyac yaranırdı. Sonrakı tədqiqatlardan da məlum oldu ki, qurulan drenaj sistemi tək qurudulma üçün yox, həm də bağların suvarılması üçün də xidmət edirmiş.
Memarlığın inkişafı yalnız maddi, texniki və sosial imkanlardan deyil, həm də iqlim, istehsal və maddi şəraitdən, cəmiyyətin mənəvi, fəlsəfi və estetik baxışlarından, eləcə də siyasi sistemdən asılıdır. Bütün bu amillər dəyişdikcə memarlıq da dəyişir.