Plakatın qızıl dövrü

Tarixdə təbliğat məqsədilə hazırlanmış plakatlar və posterlər ciddi rola sahibdir. Bu plakatlar müharibə, sülh və qəhrəmanlıq mövzusunu özündə birləşdirən əsas materiallardandır. Dövlətlər səfərbərlik, pul toplamaq, düşmən obrazı yaratmaq kimi səbəblər üçün plakatlardan istifadə edirdi.  Sənətkarlar rənglər, söz və simvollarla insanlarda ehtiyac olan fikri formalaşdırmağa çalışırdı. 1914-1918-ci illərdə müharibə təbliğat posterlərinin Avropada qızıl dövrü idi. Birinci və ikinci dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi zamanı posterlərdən geniş istifadə olunub. Televiziya, radio kimi media vasitələrinin az istifadə olunduğu dövrdə plakatlar önəmli təbliğat vasitəsi idi. Birinci dünya müharibəsində o qədər poster istifadə olunmuşdu ki, bu “Poster müharibəsi” kimi də adlandırılmışdır. Bu müharibə uzun müddət davam etdiyindən dövlətlər iqtisadi cəhətdən fəlakətlərlə üzləşdi. Başda Almaniya olmaqla bir çox ölkələr döyüş xərclərinin çoxunu borcla qarşıladı. Plakatlar və posterlər bu borclanmada mühüm rola sahib oldu. Ölkələr bu posterlər sayəsində böyük təşkilatlar və xalqdan borc pul ala bildi. Birinci dünya müharibəsində hazırlanan plakatların çox hissəsi bu məqsədlə istifadə olunub.

 

 

Kommunits propaqanda posterləri

Rus propaqanda posterləri də müharibəni ifadə etməkdə lazımi qədər uğurlu idi. Birinci və ikinci dünya müharibəsində rus və sovet posterləri insanları özlərini vətən uğrunda fəda etməyə təşviq edirdi. Bu posterlərin məqsədi fədakarlıq, qürur, qəzəb, düşməndən qisas almaq kimi duyğuları xalqa aşılamaqdan ibarət idi. Dünya müharibəsində rus qadını “Ana” obrazı ilə təsvir edilirdi. Vətəndaş müharibəsində isə ölkə güclü kişi obrazı ilə təmsil olunub. Birinci dünya müharibəsindəki qadın obrazı gözəl geyimli Slavyan qadını idi. İkinci dünya müharibəsindəki qadın obrazı isə daha realist görünüşə malikdir. Müharibənin bütün yorğunluğu qadın fiqurunda öz əksini tapır. Burada qadın kommunist kimliyi təmsil edir. Sovet plakatlarında “Ana vətən övladlarını müharibəyə çağırır” şüarı geniş istifadə edilirdi.

 

 

Birinci dünya müharibəsindən sonra propaqanda posterləri İspaniya vətəndaş müharibəsində də xeyli istifadə olundu. Bu posterlər 1936-1939-cu illərdə müharibənin bütün şiddətini gözlər önünə sərirdi. Adolf Hitler və Mussolini milliyətçiləri dəstəkləmək üçün ölkəyə xeyli əsgər göndərirdi. Sovet ittifaqı isə əks tərəfin silah-sursat təminatını qarşılayırdı. Buna faşizm və kommunizm müharibəsi demək olar. Bu ideologiyalar kütləyə öz məqsədlərini plakatlar vasitəsilə çatdırırdı. Aralarında Pablo Pikassonun da yer aldığı İspan sənətkarlar müharibə illərində ən yaxşı poster və plakatları dizayn ediblər.

Bu plakatda cinslərin demək olar ki, tam birləşdiyini görürük. Buradakı obraz qadın fiqurunu gizləyən kişi tərzində geyinib. O, duyğularını gizləyən soyuq, sərt baxışa sahibdir. Arxasında qadınların da kişilərlə eyni ağır işlərdə çalışa biləcəyini göstərən iş yeri var. Əlində isə kommunizm bayrağı daşıyır. İşin qəribə tərəfi budur ki, bu görüntü qadınların azadlaşması fikri ilə uzlaşmır. Onları kişi kimi geyindirmək, fabriklərdə işlədiyini göstərmək sadəcə hakimiyyətin mənfəətinə fayda verirdi. Burada təməl məqsəd iş gücünü artırmaq və kommunizmi gücləndirməkdir.

Pablo Pikasso: Guernica (1937)

Pablo Pikasso bu plakatı İspaniyanın Guernica şəhərinin bombardman edilməsinə görə yaratmışdı. Bu hadisə 26 aprel 1937-ci ildə Nasist Almaniyası tərəfindən törədilmişdi. Hazırlanan böyük divar rəsmi mülki əhalini əsas götürərək müharibənin yaratdığı faciəni təsvir edir. Bu əsər müharibə əleyhinə əsas simvola çevrildi və bütün dünyada nümayiş olundu. Digər ölkələr də bu sayədə çox eşidilməyən İspaniya vətəndaş müharibəsi haqqında məlumat sahibi oldu.

Hans Şvaytzer: “Son ümidimiz: Hitler”

Mjolnir ləqəbi ilə tanınan Hans Şvaytzer Nasist Almaniyası üçün bir çox plakat və posterlər hazırlayıb. Gördüyünüz “Son ümidimiz: Hitler” başlıqlı poster 1932-ci ildə Almaniya prezident seçkilərində istifadə edilib. Nasist təbliğatçıları işsizlik və aclıqdan əziyyət çəkən xalqı hədəf almışdı. Bu poster vasitəsilə onlar Hitleri çıxış yolu, “xilaskar” kimi təqdim edirdi.

Xu Ling: Çin (1950)
Çinli sənətkar bu posterdə o zamanlar Koreyada olan amerikalı general Mak Arturun karikaturasını təsvir edib. Burada ABŞ-ni amansız şər qüvvə kimi təqdim edir. Mak Arturun koreyalı ana və uşağı bıçaqladığı göstərilir. Koreyanı işğal edərkən, arxa planda isə Çin şəhərlərinə ABŞ etiketli bombalar atılır.

Uşaqları evakuasiya edin (1939)

1939-cu ildə İngiltərənin şəhər ərazilərinin bombardman olunacağı düşünülürdü. Sentyabrın 1-də ilk köçürülmə dalğası başlamışdı. Bu zaman 1.5 milyon uşaq köçürüldü. Lakin Saxta müharibə kimi tanınan ilk 2 il ərzində heç bir partlayış baş vermədi. Köçürülən insanların yarısı 1940-cı ilin yanvarına qədər evlərinə qayıtmışdı. Bu poster anaları uşaqlarını Londondan uzaq tutmağa təşviq etmək üçün istifadə olunub. Hitler uşaqları evə qaytarmağa çalışan kabus kimi görünür.

Müharibələrdə propaqandanın əhəmiyyəti hamımıza məlumdur. Tarix boyu müxtəlif propaqanda növlərindən istifadə olunub: Təyyarələrlə vərəqlər paylamaq, radiolarda əsassız məlumatlar yayımlayan verilişlərlə düşməni ruhdan salmaq, qarşılıqlı səngərlərdə yerləşdirilən meqafonlarla düşməni incitmək və s. Lakin hakimiyyət sahibləri düşmənlə yanaşı öz xalqlarına və işğal edilən ölkələrin xalqlarına qarşı da təbliğat üsullarından istifadə edirdi. Bunun ən yaxşı yolu isə təbii ki, plakatlar, posterlər və afişalar idi.

 

Teqlər