Köhnə dizayn trendi geri döndü!

Zamanla rəngarəng və parlaq dizayn üslubları dəbdən düşür, sadə və realist retro tərzi qranj üslubu isə populyarlıq qazanır. Vebdizayn sahəsi ideal geometrik fiqurlara və kölgələrə əl qoyduğundan çap materialları keçmiş dizayn üslublarını nəzərdən keçirirlər. Bu bir versiyadır. Hazırda dizaynerlər dünyamızı daha dəqiq və yalın təsvir etmək üçün sadə, anlaşılan üsullara yönəlirlər. Çünki sadə təsviri elementlər dizaynı daha orijinal və reallığa yaxın edir.

"Grunge" termini pank-rok və ağır metal musiqi növünün adı ilə bağlıdır. Dizayn haqqında düşünəndə rok və pankın spesifik xüsusiyyətləri, şəhər və sənaye səhnələri-qaranlıq, sərt, kəskin və bir o qədər də radikal olan proseslər gözümüzün önündə canlanır.  

"Grunge" sözü ingilis dilindən gəlir və ilk olaraq "kirlilik" və ya "qarşıdurma" kimi mənalarda istifadə edilmişdir. 20-ci əsrin ortalarında qeyri-rəsmi jargon kimi populyarlaşan bu söz daha sonra 1980-ci illərdə Seattle musiqi mədəniyyəti kontekstində məşhurluq qazanıb. "Grunge" musiqi janrı şəhərin kənar, dağıdılmış və qeyri-təmir olunmuş (dağınıq) görünüşündən ilhamlanaraq formalaşıb. Bu anlayış qrafik dizayna da inteqrasiya edilərək "natamam gözəllik" şəklində yeni bir üslub yaradıb.

Üslubun formalaşma tarixi

80-90-cı illərdə ictimai-siyasi həyat xaotik olduğundan onun təsirlərini dizayn nümunələrində görmək mümkündür. Sözlər açıq-saçıq və xaotik, hərflər isə dağınıq təsvir olunurdu. Afişalara baxsaq görərik ki, sanki kimsə kağıza boya səpib və sonra qrup üzvlərinin adlarını əllə cızıb. Üsyankar və “qəbuledilməyən” qruplar adətən bu tərzdən istifadə edirdilər. Grunge estetikasının qrafik dizaynda yaranışı, eyniadlı musiqi janrının məşhurlaşması ilə bir vaxtda baş verdi. Seattle-da yaranan "Nirvana", "Pearl Jam" kimi musiqi qruplarının albom qapaqları və poster dizaynlarını bu vizual üslubun ilkin nümunələri kimi saymaq olar.

Üslubun xarakterik xüsusiyyətləri

Çirkli fonlar, ard-arda düzülmüş teksturalar, cırılmış kağız kənarları, əllə təsvir olunmuş qaralamalar, mürəkkəb şriftlər və real həyat təsvirləri dəbli, dağınıq və asanlıqla fərq edilən qranj üslubunun əsas xüsusiyyətləridir. 

Grunge tipoqrafika
“Grunge” tipoqrafikasının yüksəlişi 1984-cü ildə təqdim edilən qrafik dizayn və tipoqrafikanın gələcəyini daimi olaraq dəyişən “Macintosh”un artan populyarlığı ilə üst-üstə düşdü. Əl ilə dizayn sənəti  nümunələri hazırlamaq tarixə qovuşmağa başladı. Dizaynerlərə mane olan yalnız onların təxəyyülü və mavi ekran idi.

90-cı illərdə baş qaldıran bir çox üsyankar hadisələr kimi, qranj tipoqrafikası da narahatlıq və xaosdan doğurdu. İzləyicilər üçün isə bu tamamilə yeni və təkrarsız üslub idi. Yalnız hərflərin forması deyil, həm də səhifədə düzülüşü dizaynerin çatdırmaq istədiyi fikri izah edir.

Qranj tipoqrafika, Harriet R. Goren 

 

Rəng çalarları.   
Əslində, bu üslub qoyulan bütün qaydaları pozmaq üçün mövcuddur. Elə buradan yola çıxaraq deyə bilərik ki, qranj üslubunda şərt deyil ki, yalnız qara fon və ya pərakəndə düzülmüş elementlərdən istifadə olunsun. Bəzən parlaq rənglər də qranj üslubuna xas dizayn nümunəsi yaratmağa xidmət edə bilər.  

Əksər hallarda “grunge” dizaynlarında zəif, çirkli və mat rənglərdən istifadə edilir. Qəhvəyi, bej, boz və qara rənglər üstünlük təşkil edir. Canlı rənglərin canlı çalarları əvəzinə daha təbii və solğun rənglərlə əvəz olunur. Aşağıdakı rəng palitrasından “grunge” dizaynlarında tez-tez istifadə olunur.

 

 

 

Üslubun məşhur dizaynerləri

“Ray Gun” jurnalının təsisçisi məşhur qrafik dizayner Devid Karson “Grunge” üslubunun xaç atası hesab edilir. Dizaynda mürəkkəbliyə üstünlük verən Devid bu üslub haqqında belə deyirdi: bilmədiyin qaydaları poza bilməzsən. Devid “T26” rəqəmsal font fondunun rəhbəri olub. Hat Nguyenin “Droplet”, Herriet Qorenin “Morire” və Erik Linin “Tema Cantante” kimi qranj tərzi şriftləri bu fondun məhsulu olub. 

Ray Gun jurnalının üz qabıqları, David Carson. Foto mənbə: davidcarsondesign.com

 

Məhşur dizaynerin TED çıxışını izləməniz üslubu, işə yanaşmasını
anlamaq baxımından faydalı olacaq. 

 

 

 

 

 

Teqlər