Film posterləri

Film posteri və ya afişası, hər hansı bir filmi tanıtmaq və reklam etmək məqsədi daşıyan, müştəriləri kinoteatra gedərək filmi izləməyə sövq edən bir afişa növüdür.  Film posteri üzərində əsasən, nümayiş olunan filmin adı insanların diqqətini cəlb edəcək şəkildə yazılır. Həmçinin, filmin rejissoru, filmdəki əsas aktyor və aktrisaların adı və şəkilləri, bəzən isə filmdə istifadə olunan və filmin məzmununu ifadə edən yazı yer alır.


Film posterləri göz oxşayan və diqqət cəlb edən olmalıdır. Çünki, izləyicinin diqqətini filmə yönəldən ilkin amil filmin posteridir. Buna görə də, filmin məzmunu çox gözəl olsa belə, zəif poster dizaynı filmin daha az izlənməsinə səbəb ola bilər. Bu durumda, “Bir kitabı üz qabığına görə mühakimə etməyin” atalar sözünü yada salaraq, filmləri sadəcə posterinə görə yox, izlədikdən sonra mühakimə etmək daha düzgün olar.

Kinofilm posterlərimizin inkişaf tarixi 

Film posterləri uzun bir tarixi inkişaf mərhələsi keçmişdir. Belə ki, hər dövrün və müxtəlif ölkələrin özünəməxsus film posterləri olmuşdur. Bu cəhətdən Sovet İttifaqı ölkələrində istifadə olunan afişalar uzun illər boyu özünəməxsus stili ilə fərqlənmişdir. Bu dövrdə hökumət filmləri əsas təbliğat vasitəsi kimi görürdü. Yeni Sovet mədəniyyəti yaratmağa həvəsli gənc rəssamlar dinamik, eksperimental və gözqamaşdıran film posterləri hazırlamağa başladılar. Bu posterlərdəki dinamik rənglər insanların diqqətini filmlərə cəlb etməyi bacarırdı. Bu dövr sovet ölkələrində qrafik dizaynın qızıl çağı hesab olunur.

Bu afişalar əsasən rəssamlar tərəfindən əllə çəkilərək hazırlanırdı. Bunun əsas səbəbi bu texnika ilə hazırlanan posterlərin genişmiqyaslı çapının daha ucuza başa gəlməsi olmuşdur. Daha sonra film afişalarında fotoqrafiyadan, kollajdan və nəhayət, rəqəmsal texnikalardan istifadə olunmağa başlandı.


SSRİ hakimiyyəti dövründə 2 növ film posterlərindən istifadə olunurdu: çap olunmuş illustrasiyalar və kinoteatrların divarında çox böyük ölçüdə çəkilmiş “canlı” posterlər. Təəssüf ki, divar üzərində çəkilən posterlər illər ərzində silinib başqası ilə əvəzləndiyi üçün, dövrümüzə sadəcə çap olunmuş poster nümunələri gəlib çatmışdır.

Azərbaycanda isə filmin tarixi 1898-ci ilə qədər gedib çıxır. İlk Azərbaycan filmi, Lumier qardaşları tərəfindən çəkilmiş, 30 saniyəlik “Bibiheybətdə neft fontanı yanğını” filmidir.

Azərbaycanda səssiz filmlər dövrü, 1916-ci ildə Boris Svetlov tərəfindən çəkilmiş, “Arşın mal alan” operettası ilə davam etmişdir. Bu film, hələ “Arşın mal alan” operettası əsasında çəkiləcək bir çox filmin ilk versiyası olmuşdur. 

 

Köhnə posterlərə müasir yanaşma

Hər bir dövrün özünəməxsus mədəni trendləri olduğu kimi, film posterləri də zaman keçdikcə fərqli stillərə məruz qalmışdır. İllər ərzində bir neçə dəfə çəkilən “Arşın mal alan” kinokomediyasının posterlərinə diqqət yetirdikdə, bu posterlərin müxtəlif dövrlərin tələblərinə cavab verdiyini müşahidə edirik. 1965-ci ilə məxsus olan “Arşın mal alan” filminin müasir dövrdə hazırlanmış, minimalist üslublu posteri də mövcuddur.

Rənglərin Danışdığı Posterlər

Film afişalarında əsas məqsəd izləyicidə film haqqında maraq oyatmaqdır. Bundan başqa, film posteri filmin əsas ideyasını və janrını izləyiciyə çatdırmağı bacarmalıdır.  Bu cəhətdən posterdə istifadə olunan rəng tonları xüsusi önəm daşıyır. Hər bir rəngin insan psixologiyasına fərqli təsirini nəzərə alaraq, müxtəlif janrda olan film posterlərində istifadə olunan rənglər də filmin məzmununu izləyiciyə çatdırmaqda böyük rol oynayır.

Poster dizaynında rənglərin önəmi çox böyükdür. Rəng teoriyasına əsasən, bir-birinə zidd rənglərin qarşılıqlı istifadəsi gözə daha xoş görünməklə yanaşı, həmçinin insanın diqqətini də cəlb etməyi bacarır. Rəng çarxı, və yaxud xromatik dairə 3 əsas rəngin və onların qarışıqlarından əmələ gələn törəmələrin yerləşdiyi sistemdir. Bu çarxda bir-biri ilə əks istiqamətlərdə duran rənglər daha uyumlu hesab olunur. Məsələn, narıncı-göy, sarı-bənövşəyi, qırmızı-yaşıl.

İsti və soyuq rəng tonlarının qarşılıqlı əlaqəsi kinofilm posterlərinin dizaynlarında da çox geniş yayılmışdır. Bu poster dizaynları ayrıca bir sənət əsəri kimi gözəl görünməklə yanaşı, filmin məzmununu da izləyiciyə çatdırmağa nail olur. 

Narıncı/sarı və göy rəngin qarşılıqlı əlaqədə olduğu bəzi Sovet dövrü Azərbaycan film posterləri:

 

Qırmızı rəng öz əlvanlığı və canlılığı ilə hər zaman insanların diqqətini cəlb etməyi bacarır. Bu cəhətdən poster və afişalarda qırmızı rəngdən istifadə geniş yayılmışdır. Lakin, bununla yanaşı qırmızı rəng həmçinin kommunizmin də simvolu olmuşdur. Buna görə də, Sovet hakimiyyəti illərində qırmızı rəngdən əsasən siyasi və propaqanda posterlərində istifadə olunurdu.

Lakin buna baxmayaraq, bu dövrün bəzi kinofilm posterlərində də qırmızı rəngə rast gəlmək mümkündür. 

 

Bir film fərqli poster

Bir filmi tanıtmaq üçün bəzən müxtəlif növ posterlər haxırlanır. Fərqli dizaynlara məxsus posterlər müxtəlif növ insanların diqqətini cəlb etməklə yanaşı, insanların film haqqında daha geniş məlumat əldə etməsinə şərait yaradır. Bundan başqa, bir film üçün müxtəlif posterlər hazırlanmasının başlıca səbəbi filmin digər ölkələrdəki nümayişi və bu ölkələrin özünəməxsus posterlər hazırlaması olmuşdur.

Sovet İttifaqı ölkələrində də bu hal geniş yayılmışdır. Hər hansı bir Sovet filmi, İttifaqın digər ölkələrində də nümayiş olunurdu və ümumi posterdən başqa, bu ölkələrin öz dilində də müxtəlif növ poster hazırlanırdı.

“O olmasın, bu olsun” filminin Azərbaycan, Rusiya və Rumınıyadakı nümayişləri üçün hazırlanmış posterlərində filmin ən məşhur səhnələrindən biri olan qala səhnəsi təsvir olunmuşdur. Bu posterlərin quruluşunda və istifadə olunan rənglərdə qanunauyğunluq mövcuddur.

 

1976-cı ildə çəkilmiş “Dərviş Parisi partladır” filminin müxtəlif ölkələr üçün posterləri isə tamamilə fərqli dizayna malikdir:

 

Kinoposter Sənəti: Müstəqillik Erası

Müstəqillik illərində Azərbaycanda müxtəlif sahələrdə baş verən dəyişikliklər incəsənət və film sahəsinə də öz təsirini göstərmişdir. Yenilənməyə doğru yol alan Azərbaycan incəsənəti bu dövrdə Sovet ideallarından tamamilə uzaqlaşmış və daha fərqli inkişaf yolu qət etmişdir. Bu dövrün kinofilm posterlərində tamamilə fərqli istiqamət özünü göstərmişdir. Belə ki, Sovet dövründə film posterləri rəssamlar tərəfindən əl əməyi ilə hazırlanıb çap olunurdusa, artıq 1990-cı illərdə film posterlərində əsasən fotoqrafiyadan və ya filmdən götürülmüş fraqmentlərdən istifadə olunmağa başladı.

Müharibədən sonrakı dövrdə incəsənətin digər sahələrində olduğu kimi film sahəsində də bir qədər düşüş yaşanmışdır. Bu düşüş film posterlərində də özünü göstərmişdir. Müstəqilliyin ilk 20 ili ərzində çəkilmiş filmlərə və film posterlərinə nəzər salarkən, bu posterlərdə SSR zamanında olduğu kimi, insanın diqqətini cəlb edən dizaynlara çox nadir hallarda rast gəlinir. Bu dövrün posterlərində yaradıcı fikir, rəssam əməyi nəzərə çarpmır. Bunun səbəbi isə, müharibədən yeni çıxmış və bərpa olunmağa çalışan ölkənin film sahəsinə lazım olduğu qədər büdcə ayıra bilməməsi olmuşdur.

1990-2010-cu illər ərzində çəkilmiş məşhur filmlərin posterləri: 

 

Ölkədə baş verən sürətli inkişaf və yenilənmə zaman keçdikcə özünü bütün incəsənət sahələrində də büruzə verməyə başladı. 2010-cu illərdə Azərbaycanda film və televiziya sahəsində baş verən inkişaf kinofilm posterlərinin dizaynlarının da təkmilləşməsinə, müasir dövrün standartlarına cavab verməsinə səbəb olmuşdur. Azərbaycan filmləri artıq beynəlxalq film festivallarında nümayiş olunmağa başlamış və daha geniş izləyici kütləsi qazanmışdır.

Müasir dövr Azərbaycan film posterlərində daha minimalist stil, daha sadə rəng tonlarından istifadə nəzərə çarpır. Bu posterlər yaradıcı ideyası ilə izləyicilərin diqqətini cəlb etməyi bacarır.

Bu dövrə aid bəzi diqqət cəlb edən kinofilm posterləri:

 

Gündəlik həyatımızda, bəzən diqqət yetirməsək belə, daimi olaraq yüzlərlə reklam, poster görürük və bu posterlərin həyatımıza təsiri düşündüyümüzdən də çoxdur.

Film posterləri isə, filmə ilk marağın yaranmasında, film haqqında müəyyən məlumat əldə edilməsində böyük əhəmiyyətə malikdir. Poster sənəti hər zaman inkişafda olan, ölməz bir sənətdir və zaman keçdikdə ölkəmizdə də bu sahədə baş verən yüksəlişi müşahidə etmək insanların bu sahəyə marağını daha da artırır. I Qarabağ müharibəsindən sonrakı onillikdə istehsal olunan filmlərin azlığını, film posterlərinin zəifliyini müşahidə etdikdən sonra, indiki dövrlə müqayisə edərək bu sahədə baş verən yüksək səviyyəli inkişafın şahidi oluruq.

Bəzi keçmiş dövr filmlərinin posterlərinin zəif dizayna məxsus olması, o dövrün standartlarını nəzərə alsaq, anlaşılan bir vəziyyətdir. Lakin bu o demək deyil ki bu vəziyyət belə qalmağa davam etməlidir. Hər zaman daha yaxşısını yaratmaq mümkündür. Hər bir zaman dilimində cəmiyyət daha çox inkişaf edir, o cümlədən incəsənət və insan yaradıcılığı da zaman keçdikdə daha da təkmilləşir. Hər bir rəssam, dizayner poster sənətinə özündən yeniliklər qatmağa, bu sahəni daha da inkişaf etdirməyə, yeniləməyə qadirdir.

 

 

 

Teqlər