Ghibli studiyası uzun illərdir istehsal etdiyi bütün filmlərlə öz xarakterik vizual və bədii üslubunu formalaşdırmağı bacarmışdır. Artıq bu filmlərdən, yaxud studiyanın dahi yaradıcılarından olan Hayao Miyazakidən bəhs edərkən insanların ağlında asanlıqla canlı, detallı və zəngin dünyalar canlanır.

1985-ci ildə ərsəyə gəlmiş studiya “Ruhlarla sovrulanlar”, “Şahzadə Mononoke”, “Qonşum Totoro” kimi klassik animasiya filmlərini dünyaya bəxş etmişdir. Bütün filmlərində obrazların dizaynı və illustrasiyasıyla yanaşı arxa fon və mənzərələrə də eyni əhəmiyyəti verən sənətkarlar realistik yapon mənzərələrinin, heyrətamiz hamam və sehrli meşələrə qədər bir çox fərqli məkanın detallı təsvir etmişdir. Studiya filmlərində mənzərə görüntüləri ilə vaxt keçirməkdən çəkinmir, obrazların olmadığı səhnələrdə də tamaşaçıda istədiyi emosiyaları oyadır.

“Ghibli”ni müasirlərindən fərqləndirən əsas xüsusiyyətlərindən biri də səhnələrinin əllə çəkilmiş olmasıdır. Xüsusilə Miyazaki, həmişə filmlərində kompüter qrafiklərinin inteqrasiyası fikrinə qəti qarşı olmuşdur. Studiyanın filmlərinin ənənəvi yollarla çəkilməsi dahi rejissor və animatorun animasiya sənətinin ilk metodlarına yüksək münasibəti və ehtiramının göstəricilərindəndir. Studiya bu ənənəni sadəcə “Aya və Cadugər” (2020) filmində pozmuşdur, belə ki, filmdə əsasən 3 ölçülü kompüter qrafikasından istifadə edilmişdir.

“Mən heç vaxt bu texnologiyanı işimə daxil etmək istəməzdim. Mən qətiyyətlə bunun həyatın özünə təhqir olduğunu düşünürəm.”

 

PAYLAŞ

Ghibli studiyasının ən son filmi “Oğlan və Vağ” da bu ənənəyə sadiq qalmışdır. Filmin istehsalı hələ 2016-cı ildən başlamış, 12 dəqiqəsinin tamamlanmasına bir il vaxt sərf edilmişdir. Təsadüfi deyil ki, filmin yaradıcıları 2023-cü ildə, film kinoteatrlara verildikdən sonra “Oskar” mükafatı başda olmaqla bir çox mükafata layiq görülmüşdür.

Bir filmin hazırlanmasına bu qədər vaxt hazırlandığını bilmək, izlədiyimiz zaman çəkilmiş zəhməti nəfəskəsici animasiya və obraz dizaynlarında, həmçinin də hekayənin axışında daha yaxşı dərk etməyimizə səbəb olur.

 

ghibli-collector.tumblr.com
ghibli-collector.tumblr.com

Bir çox mənbələrdə “Ghibli” studiyasının əsas vizual stili magik realizm adlandırılmışdır. Bu ifadəyə sadəcə vizual deyil, həm də ədəbi sənət növlərində də tez-tez rast gəlmək olur. Magik realizm fantaziyanın gündəlik həyat axışı ilə iç-içə keçməsi ilə ifadə edilir. Bu tip hekayələrdə əsas diqqət hekayənin fantastik elementlərində deyil, o elementlərin personajlar üçün nə ifadə etdiyindədir.

”Anime” uydurma dünyaları təsvir edə bilər, lakin mən buna baxmayaraq inanıram ki, onun mahiyyətində müəyyən bir realizm olmalıdır. Başqa bir şəkildə desək, animator elə real görünən bir yalan uydurmalıdır ki, tamaşaçılar təsvir olunan dünyanın həqiqətən mövcud ola biləcəyini düşünsünlər.”

 

PAYLAŞ

Filmlərində 13 yaşlı cadugər, ruhlar dünyasında tələyə düşmüş, və ya sehr sayəsində qoca bir qadına çevrilmiş qəhrəmanlar olsa da filmin vizual hekayələri həmişə realistik və həqiqi görünür. Buna görə də bu filmlərin hekayələrinə inanmaq asanlaşır.

Teqlər